"VAZ"la "QAZ" toqquşdu: 4 yaralı

Saatlıda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. Hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 53-cü kilometrliyində Saatlı rayonunun ərazisində qeydə alınıb. APA TV-nin məlumatına görə, Sabirabad rayonu istiqamətində hərəkətdə olan İmişli sakini Əlimirzə Abbasovun idarə etdiyi "QAZ 31" markalı avtomobil qarşıdan gələn "VAZ 2109" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ 2109"-un sürücüsü Əzizxan Ağayev və sərnişin Əkbər Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, vəziyyətləri ağır olduğundan Bakı şəhərinə göndərilib. Həmçinin, qəza zamanı "QAZ 31" markalı avtomobildə olan sərnişinlər Əsli Abbasova və Günel Abbasova yüngül bədən xəsarətləri alıb. Sürücünün  sözlərinə görə hadisəyə səbəb ev quşlarının qəfildən avtomobilin qarşısına  çıxması olub.

 

Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı