“Park Cinema”da “Viktor Frankenşteyn” filminin media üçün nümayişi keçirildi
“Park Cinema”nın “İmax” zalında “Viktor Frankenşteyn” filminin media üçün nümayişi keçirilib.
APA TV-nin xəbərinə görə, rejissor Pol Mak Qiqanın lentə aldığı ekran əsəri qorxu və fantastik dram janrındadır.
Şüarı “Öz yaradanını qarşıla” olan film köməkçisi İqor Ştrausmanın Viktor Frankenşteynin fantastik həyat tarixçəsinə yeni baxışından bəhs edir. Rollarda Deniel Redkliff, Ceyms MakEvoy, Cesika Braun, Findlib Bronson Uebb, Deniel Meys, Spenser Uidlinq, Robins Pirs, Endryu Skott, Kallum Terner və Di Botçer çəkiliblər.
“Park Cinema”nın PR meneceri Rüfət Zeynalov bildirib ki, “Viktor Frankenşteyn 2015” çox məşhur Frankenşteyn kitabının yeni bir versiyasıdır: "Bu baxışı təşkil etməkdə məqsədimiz sizlərin də bu filmə baxıb fikir mübadiləsi aparmanızdır. Filmin olduqca maraqlı mövzusu var və hər kəsi noyabrın 26-dan bizim kinoteatrlarda nümayişinə başlanılacaq bu filmə dəvət edirik. Filmdən həzz alacağınıza inanırıq".
Xatırladaq ki, ekran əsərinin dünya premyerası dünən gerçəkləşib.