Nazir müavini: "300-dən çox tələbəyə iş yerlərinə göndəriş verilib"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Karyerada ilk addım" şüarı altında keçirdiyi əmək yarmarkaları davam edir. APA TV-nin xəbərinə görə, növbəti belə tədbir Odlar Yurdu Universitetində keçirilib.
Əmək yarmarkasında 64 dövlət və özəl müəssisəsindən ümumilikdə 379 vakansiya tələbə və məzunların ixtiyarına verilib. İş axtaran vətəndaşlar işəgötürənlərlə bilavasitə ünsiyyət yaratmaqla, onların təklif etdiyi vakansiyalar və mövcud əmək haqqı imkanları, namizədlərə qoyulan tələblər və işə qəbul olunanın karyerasındakı sonrakı inkişaf strategiyası barədə ətraflı məlumatlandırılıb. Yarmarka iş axtaranlar tərəfindən maraqla qarşılanıb. Bunu müxtəlif şirkətlərin məlumat masalarına müşahidə olunan axından aydın görmək olar.
Müseyib Hüseynov da buraya iş üçün müraciət edən çoxsaylı gənclərdən biridir. Təhsilin az qala bütün pillələrini başa vurmuş qəhrəmanımız beş əcnəbi dildə sərbəst danışmasına baxmayaraq, hələ də işsizdir: "Mən maliyyə, mühasibatlıq, marketinq və menecment, insan resursları, eləcə də kadrlar şöbəsində iş üçün müraciət etmişəm. Özümə güvəndiyimə görə özümü hər hansı bir yerdə sınamağa çalışıram ki, bir yol tapım və özümü məhz həmin yolda göstərim".
Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, cari ilin müvafiq dövründə 8 ali təhsil ocağında bu cür məşğulluq tədbirləri həyata keçirilib. Bu tədbirlərdə 300 məzunun öz ixtisaslarına uyğun iş yerlərinə göndərilməsi təmin olunub, 2260 nəfərin şəxsi məlumatları işəgötürənlər tərəfindən qeydiyyata alınıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bu il ərzində nazirliyin tabeçiliyində olan məşğulluq mərkəzlərinə müraciət edənlərin statistikasını açıqlayıb: "Cari ildə məşğulluq xidməti orqanlarına 50 000 nəfərə yaxın işsiz və iş axtaran vətəndaş müraciət edib, onların yarısı müvafiq işlərlə təmin edilib. O cümlədən 3400 nəfər işsiz vətəndaş işsizlik müavinəti ilə təmin olunub, 3500 vətəndaş isə nazirliyin müxtəlif regionlarda fəaliyyət göstərən Peşə Tədrisi Mərkəzlərində peşə kurslarına göndərilib".
Nazir müavini deyib ki, cari ildə keçirilən yarmarkalarda 300-dən çox tələbəyə iş yerlərinə göndəriş verilib və onlardan 100 nəfəri işlə təmin olunub.