Olland: "Putinlə razılaşdıq ki, bundan sonra yalnız İŞİD vurulacaq”
Fransa prezidenti Fransua Olland Rusiyalı həmkarı ilə keçirdiyi görüşün nəticələrini açıqlayıb.
APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, Olland bir çox məsələdə razılaşdıqlarını bildirib, əlavə edib ki, bundan sonra Suriyada yalnız İŞİD vurulacaq: "Kremldə prezident Putinlə razılığa gəldik ki, Suriyada İŞİD-lə mübarizə aparan və Əsəd hakimiyyətinə qarşı olan qruplaşmalar bombalanmayacaq. Çünki koalisiya qüvvələri də terrorçularla mübarizə aparan həmin qruplaşmaları dəstəkləyir".
Vladimir Putinin ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri və Fransa ilə informasiya əməkdaşlığına da razılıq verdiyini deyən Olland Rusiya ilə İŞİD-ə qarşı birgə mübarizə aparacaqlarını da təsdiqləyib: "Putin antiterror əməliyyatlarında iştirak etmək istəyən ölkələrin sayının genişlənməsini alqışlayır. O, ABŞ-la da əməkdaşlığa hazır olduğunu bildirdi", deyə Fransa prezidenti əlavə edib.
Fransua Olland Suriyanın gələcəyi barədə də danışdıqlarını açıqlayıb: "Amma bir məsələdə yenə anlaşa bilmədik. Mən bildirdim ki, Suriyanın gələcəyi Əsədsiz həll olunmalıdır. Putin isə başqa fikirdədir. O qeyd etdi ki, Əsədin taleyini yalnız Suriya xalqı həll edə bilər".