Bakıda Gəmiqayırma Zavodu açıldı
Bakının Qaradağ rayonunda prezident İlham Əliyevin iştirakı ilə Gəmiqayırma Zavodunun açılış mərasimi olub. APA TV-nin xəbərinə görə, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı gəmiqayırma zavodu” MMC birgə müəssisəsi yaradılıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdir.
Zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Cənubi Koreya və Sinqapurda istehsal olunan və ən müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib.
Zavodun istehsal gücü ildə 25 min ton metal konstruksiyadır. Zavodun inşası ilə paralel olaraq, onun fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, uzunluğuna görə Xəzər dənizində ən böyük üzən quru dok tikilib. Tam fəaliyyətə başlayanda zavodda ilkin olaraq 1250 nəfər işçi çalışacaq.
Azərbaycan prezidenti üzən quru doka ad verilməsi mərasiminə də qatılıb.