Samuxda 77 yaşlı qadının evinə basqın: təşkilatçı keçmiş kürəkəndir

Samux rayonunda 4 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib. APA TV-nin xəbərinə görə, dəstə üzvləri 77 yaşlı qadına qarşı quldurluq etməkdə şübhəli bilinir. Onlardan biri zərərçəkənin keçmiş kürəkəni olub.

 

Noyabrın 21-dən 22-nə keçən gecə naməlum şəxslər Samux şəhər sakini Bəyaz Məmmədovanın mənzilinə daxil olublar. Çağırılmamış qonaqlar ev sahibinin ağzını yapışqanlı lentlə bağlayaraq ona bıçaqla hədə-qorxu gəliblər.

 

Zərərçəkənin dediyinə görə, basqın vaxtı hələ yatmayıbmış: "Gecə vaxtı yatmağa hazırlaşırdım. Bir də gördüm pəncərədən içəri daxil oldular. Mənim ağzımı bağlayıb dedilər ki, tez elə pulu və qızılları ver. Yoxsa sizi öldürəcəyik".

 

Zərərçəkən qızıllarının olmadığını, yalnız 500 manat nağd pul olduğunu bildirib və həmin pulu onlara verib. Pulu götürən şəxslər dərhal evi tərk ediblər.

 

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bəyaz Məmmədovanın keçmiş kürəkəni - Gədəbəy rayon sakini, 41 yaşlı Buta Abdullayev, onun həmyerlisi, 33 yaşlı Orxan Əlizadə, eləcə də Ucar rayon sakinləri - 22 yaşlı Anar Rəhimov və 18 yaşlı Mehman Qarayev şübhəli şəxs qismində saxlanılıblar.

 

Samux Rayon Polis Şöbəsinin rəis müavini Malik Məmmədov: "Buta Abdullayev təxminən bir il bundan əvvəl Bəyaz Məmmədovanın qızı ilə qeyri-rəsmi şəkildə ailə qurub. Bir müddət həmin ünvanda yaşayıblar. Bəyaz xanımın pulu və qızılı olduğunu düşünən həmin şəxs bu barədə dostlarına məlumat verib".

 

Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Dəstə üzvləri bildiriblər ki, Samuxda törədəcəkləri quldurluqla bağlı qərarı Bakıda veriblər. Daha sonra onlar əməllərini reallaşdırmaq üçün Gəncəyə, oradan isə Samuxa gəliblər.

 

Saxlanılan şəxs Mehman Qarayev: "Biz xalam oğlu Anarla birlikdə gecə saat 3-də həmin ünvana gəldik. Şüşəni sındıraraq içəri daxil olduq. Sonra qadının ağzını bağlayaraq pul tələb etdik".

 

Saxlanılan şəxs Buta Abdullayev: "Bəyaz mənim qayınanam olub. Düşündüm ki, onlarda pul və qızıl var. Gündüzdən evlərini gətirib göstərdim. Sonra isə biz Gəncədə gözlədik. Bunlar da hadisəni törətdikdən sonra geri qayıtdılar".

 

Saxlanılan şəxs Anar Rəhimov: "Buta bizə evi göstərdi. Biz də içəri daxil olduq, ancaq yalnız pul tapa bildik. Onu da öz aramızda böldük".

 

Saxlanılan şəxs Orxan Əlizadə: "Mən ancaq vasitəçi olmuşam. Bu uşaqları Buta ilə tanış etdim. Onlar da dedilər ki, bizdən ötrü iki vuraq ikidir. Əgər pul varsa, həll edərik".

 

Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan Orxan Əlizadənin qardaşı Arzu Əliyev bir müddət əvvəl Gədəbəydə törədilən quldurluq hadisəsinin iştirakçısı olub və tutularaq məsuliyyətə cəlb edilib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli