Cənub bölgəsinin dindarları Nardaranda baş verən hadisələri pislədi - BƏYANAT
Azərbaycanın cənub bölgəsində yaşayan dindarlar noyabrın 26-da Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı bəyanat imzalayıblar.
APA-nın məlumatına görə, bəyanatda qeyd edilir ki, son günlər baş vermiş hadisələr ciddi narahatlıq doğurur.
Dindarlar özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini qətiyyətlə qınayıb. Bəyanatda bildirilib ki, heç bir rəsmi statusu olmayan “Müsəlman Birliyi Hərəkatı”nda təmsil edilən bir qrupun ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı çatır: “Hesab edirik ki, regionun indiki həssas dönəmində bütün dindarlar çox ayıq olmalı, daxildən və xaricdən edilən təxribatlara uymamalıdırlar. Baş verən hadisələri əsl mahiyyətindən uzaqlaşdıraraq İslam dininə qarşı yönəldiyini iddia etmək, bu prosesləri məzhəbçilik müstəvisinə keçirmək, ölkəmizin milli və ictimai təhlükəsizliyini təhdid etmək cəhdləri bu dairələrin məkrli niyyətlərini bariz şəkildə göstərir”.
Bəyanatda vurğulanır ki, Azərbaycan dünyəvi dövlətdir və bütün dini etiqadlara bərabər şərait yaradılıb. Həm dinlərarası, həm də məzhəblərarası münasibətlər çox yüksək səviyyədədir. Hər bir inanclı rahat şəkildə ibadətlərini yerinə yetirə bilməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir: “Dövlət tərəfindən dinə yüksək qayğı göstərildiyi bir vaxtda müsəlmanların sıxışdırılması iddiaları ilə çıxışlar etmək, inanclıları dövlətə qarşı qaldırmaq cəhdlərinin heç bir əsası yoxdur. Bütün bunları nəzərə alaraq, biz inanclıları belə hadisələrdən ibrət almağa, Azərbaycan dövləti və onun prezidenti ətrafında sıx birləşməyə çağırır, öz xidməti vəzifələrini həyata keçirərkən şəhid olmuş polislərimizə Allah-Təaladan rəhmət diləyirik”.