Meteohəssas insanlara təsir edən amillər - HƏKİM MƏSLƏHƏTİ
"Havaların qeyri-sabit keçməsi insanlara müxtəlif cür təsir edir. Bu cür havalarda xəstəliklərin də yayılma riski böyükdür". Bunu APA TV-nin məlumatına görə, bunu həkim nevropatoloq Hikmət Qarayev deyib.
Hikmət Qarayev qeyd edib ki, hava şəraitinin kəskin dəyişməsi xüsusən xəstəliyə meylli şəxslərə, yaşlı nəslə, aritmiyası, qan təzyiqi yüksək olan hipertoniklərə, stenokardiyası olanlara təsir edir. Onun sözlərinə görə, fəsil dəyişilməsində xroniki xəstəliklər kəskinləşir: "Meteohəssas insanlar ətrafda baş verən və orqanizmdə qızıq yaradan amillərə məsələn, havanın kəskin dəyişməsinə ciddi reaksiya verirlər. Bu reaksiyalar isə orqanizmdə özünü müxtəlif fəsadlarla büruzə verir. Ürək döyünmə, təzyiq yüksəlməsi və yaxud əksinə, infarkt kimi xəstəliklərə, həddindən çox tərləməyə gətirib çıxarır. Bundan başqa oynaq ağrıları, bədəndə əzginlik meteohəssas insanların üzləşdiyi problemlərdən biridir. Əgər bu insanlarda xroniki xəstəliklər də varsa, məhz həmin hava şəraitində bu amillər onlarda daha qabarıq şəkildə müşahidə olunur".
Həkim-nevropatoloq deyir ki, bəzən temperaturun 10 dərəcə aşağı düşməsi belə ürək-damar xəstəlikləri, konkret olaraq miokard infarktını 2 dəfə artıra bilər.
Hikmət Qarayevin sözlərinə görə, son illər insan sağlamlığına 3 əsas faktor təsir edir. Havanın kəskin dəyişməsi, maqnit burulğanları və günəşdə partlayışların olmasıdır. Bunların arasında sıx əlaqə var. Xüsusən rütubətli hava anidən soyuğa keçəndə, meteopatik reaksiyalar çoxalır. Yəni, havanın təsirinə məruz qalan orqanizmin verdiyi meteopatik reaksiyalar artır: "Maqnit qasırğası isə meteohəssas insanlarda daha ciddi fəsadlara yol açır. Belə ki, maqnit qasırğası bitdikdən sonra onun izləri uzun müddət insanlara əziyyət verir. Yəni yuxarı qan təzyiqi asanlıqla normallaşmır. Belə hallarda insanlar səhər evdən çıxan zaman onlara bitki tərkibli sakitləşdirici dərmanlardan istifadə etmək məsləhət görülür. Bu gün ərzində meteohəssas insanlarda yaranacaq stress hallarının qarşısının alınmasında mühüm rol oynayır. Hipertoniya xəstəliyi olan insan isə xüsusi olaraq hava dəyişdiyi günlərdə təkcə sakitləşdirici dərmanlar yox, təzyiqin normallaşdırılması üçün xüsusi həblərdən istifadə etməlidir".
Hikmət Qarayev deyir ki, son iki ayda qan təzyiqindən əziyyət çəkən insanların sayında daha çox artım hiss olunur. Buna səbəb yüksək qan təzyiqi, yağlı qidaların çox qəbulu, stress, dəyişkən hava şəraitidir. İnsanların böyük əksəriyyəti oturaq həyat tərzi keçirir. Yəni maşınla hərəkət, kompüter qarşısında uzun müddət oturmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Belə hallarda qan damarlarının divarları daralır və nəticədə ürək əzələsinə qan getməsi pisləşir. Qan laxtalanması da ürək infarktına səbəb olur. Ona görə də insanlar hər şeydən öncə sağlamlığının qeydinə qalmalıdırlar