Akademik Tofiq Hacıyev II Fəxri Xiyabanda dəfn edildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, vida mərasimində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov,  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, AMEA rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, mərhumun ailə üzvləri, həmkarları və digər şəxslər iştirak edib.

 

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxışında Tofiq Hacıyevin həyat və yaradıcılığı haqda məlumat verib.

 
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, Tofiq Hacıyev Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü idi. Elmimizdə müstəsna xidmətləri olan insan idi. Müəllim sözü ona çox yaraşırdı.

 
Akademik Vasim Məmmədəliyev deyib ki, Tofiq Hacıyev şərəfli ömür yaşayıb: “O, 80 illik yubileyinə hazırlaşırdı. Tofiq müəllim xalqımıza, elmimizə lazım idi".

 

AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov bildirib ki, Tofiq Hacıyevi türk dünyasında türkoloqlar "hocaların hocası" adlandırırdılar. Bu ad bircə ona şamil edilirdi.

 

Türkiyənin Bilkənt Universitetinin Bölgə Ölkələri Kurs Proqramları direktoru Rasim Özürək qeyd edib ki, Bilkənt Universiteti Tofiq Hacıyevi heç vaxt unutmayacaq: “Biz Tofiq Hacıyevin yolundan dönməyəcək, onun əsərlərin sonsuza qədər yaşadacağıq. Türk dünyasının böyük oğlu, xocaların xocası, bəylərin bəyi Tofiq Hacıyev dünyada Azərbaycanın qürur yeri olub. Ruhun şad, məkanın cənnət olsun, ustad!”

 

Sonda Tofiq Hacıyevin oğlu Azər Hacıyev çıxış edərək, vida mərasimində iştirak edən insanlara öz təşəkkürünü bildirib.

 

Mərasimdən sonra mərhum akademik II Fəxri Xiyabanda dəfn olunub.

 

Qeyd edək ki, akademik Tofiq Hacıyev dünən yaşadığı mənzildə dəm qazından zəhərlənərək, 79 yaşında vəfat edib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova