İsmayıllı rayonunda inzibati binada yanğın oldu
İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən inzibati binada qeydə alınıb.
İsmayıllı rayon Profilaktik Dezinfeksiya Şöbəsinin 6 otaqdan ibarət olan inzibati binasında qeydə alınan yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 201 kvadratmetr olan inzibati binanın bir otağı içərisindəki əşyalarla birgə yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı qısa müddətdə alınıb və alovun digər otaqlara keçməsinə imkan verilməyib. Məlumata görə, hadisəyə binanın həyətində quru ağac budaqları və yarpaqların toplanaraq yandırılması zamanı ocağın nəzarətsiz qalması və alovun yaxınlıqdakı binaya keçməsi səbəb olub.
Hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma aparılır.