Ramil Usubov Lənkəranda polis serjantı İsmayıl Tağıyevin hüzr məclisində iştirak edib

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 26-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində həyata keçirilən xüsusi əməliyyat zamanı həlak olmuş polis serjantı, 1977-ci il təvəllüdlü İsmayıl Rəsul oğlu Tağıyevin Lənkəran şəhərində keçirilən hüzr mərasimində iştirak edib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, naziri rəhbərlik etdiyi qurumun yüksək rütbəli zabitləri, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər müşayiət ediblər.

 

R.Usubov igid serjantın ailə üzləri ilə görüşərək onlara başsağlığı verib.

 

Qeyd edək ki, 38 yaşında dünyasını dəyişmiş İsmayıl Tağıyev ağırlıqqaldırma ilə məşğul olub. O, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi. Şəhid polis 2012-ci ildə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında keçirilmiş Avropa Çempionatında 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanıb.

 

İsmayıl Tağıyevin iki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl dünyaya gəlib.

 

Müəllif | Apa.Tv