Minskdə Azərbaycan və Belarus prezidentlərinin görüşü keçirildi

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Belarus Respublikasına rəsmi səfərə gedib.

 

APA TV-nin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

 

Dövlət başçısı rəsmi səfəri çərçivəsində noyabrın 28-də Minsk şəhərindəki “Qələbə” meydanında olub, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib və önünə əklil qoyub.

 

Daha sonra Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub. Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Sonra iki ölkənin prezidentlərinin əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər. Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

 

Sənədlərin imzalanmasından sonra Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun fərmanı ilə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycanla Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Belarus Respublikasının “Şərəf” ordeni ilə təltif edibdilər.

Müəllif | Apa.Tv
Apa.tv