Nardaranın İmam Hüseyn meydanı boşaldıldı
Ötən gecə Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı boşaldılıb.
APA TV-nin məlumatına görə, texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb. Sakinlər öz evlərinə dağılışıblar. Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə etməyə başlayıblar.
Məlumat üçün bildirək ki, Nardaran qəsəbəsinin Hüseyniyyə məscidində bir qrup qəsəbə sakini yaranmış vəziyyəti müzakirə edib. Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov APA TV-yə bildirib ki, problem yalnız dinc yolla həll edilməlidir. O qeyd edib ki, hər cür qarşıdurmadan yayınmaq üçün hadisə zamanı dünyasını dəyişənləri dəfn edəndən sonra digər məsələləri də danışıqlar yolu ilə həll etmək lazımdır. Natiq Kərimov camaata meydanı boşaltmağı da təklif edib. Digər sakinlər də insanları meydanı boşaltmağa və evlərinə getməyə çağırıblar. Məscidə toplaşmış Nardaran sakinləri və insident zamanı həlak olanların yaxınları da fikirlərini bildiriblər. Sonda qəsəbənin mərkəzindəki İmam Hüseyn meydanının boşaldılması haqqında qərar verilib.
Silahlı insident nəticəsində ölənlərin cənazələrinin bu gün ailələrinə təhvil veriləcəyi gözlənilir.