Balakəndə hasar uçdu, 42 yaşlı kişi öldü

Balakəndə 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ötən  axşam rayonun Qazma kənd sakini, 1973-cü il təvəllüdlü İlham Abdulməcid oğlu Ukalayev ağır travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Xəstəxanaya daxil olandan bir qədər sonra 42 yaşlı İlham Ukalayev aldığı xəsarətlərdən ölüb.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, İlham Ukalayev yaşadığı ünvanın yaxınlığında qonşusuna məxsus köhnə evin daş barısını uçuran zaman ehtiyatsızlıqdan daş barı onun üzərinə tökülüb. Nəticədə İlham Ukalayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

 

Cərrah Məhəmməd Heydərov bildirib ki, yaxınlarının dediyinə görə, xəstə köhnə ev sökülərkən daş divarın altında qalıb: "Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, xəstə bir saat sonra vəfat edib".

 

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov