Dəniz suyunu duzsuzlaşdıran zavoda baxış keçirildi

Xəzər dənizinin sahilində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində dünya standartlarına cavab verən Dəniz suyunu duzsuzlaşdıran ilk böyük həcmli zavod və müasir tinglikdən ibarət kompleks istismara hazırdır. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu ilin əvvəlindən istismara verilən zavoda yenidən baxış keçirdi.

 

Jurnalistlərə məlumat verən nazir bildirdi ki, kompleksin yaradılması zamanı 240 min m3 həcmində torpaq, 91,5 min m3 həcmində beton işləri görülüb. 24 kilometr uzunluğunda 315 millimetr və digər diametrli yüksək təzyiqli su boruları, 6,5 kilometrlik 110 millimetr və digər diametrli suvarma boruları quraşdırılıb., 10 kilometr uzunluğunda damcılı suvarma sistemi yaradılaraq istismara verilib. Həmçinin 15 kilometr məsafədə yol salınıb.

  

Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib.

 

Müəssisənin 21,8 hektar ərazisində 26 mindən artıq ağac, kol  əkilib 3 hektar əraziyə qazon döşənib, damcılı və səpələyici suvarma sistemləri qurulub.  Ağacların böyüdülməsi üçün istifadə olunan plastik qablar da tullantılardan zavodun özündə hazırlanır.

 

Eyni zamanda avtomatik idarə olunan suvarma və gübrələmə sistemi yaradılıb, mikroiqlim nəzarətini həyata keçirmək məqsədi ilə temperatur, rütubət, küləyin sürəti, istiqaməti, günəş radiasiyası, yağıntı miqdarını ölçmək üçün meteoroloji stansiya quraşdırılıb.

 

Layihə Abşeron yarımadası və onun ətrafında yaşayan əhalinin suya olan tələbatı qarşısında gələcəkdə yarana biləcək su qıtlığının aradan qaldırılmasına texnoloji hazırlıq baxımından  mühüm strateji əhəmiyyət kəsb edir. Həmçinin duzsuzlaşdırılmış dəniz suyu ilə suvarılan yeni yaradılmış tinglik, paytaxt və ona bitişik ərazilərdə yeni yaşıllıqların salınması yolu ilə ekoloji mühitin  sağlamlaşdırılması istiqamətində ciddi irəliləyişlərə nail olunmasına şərait yaradacaq.

 

 

Müəllif | Apa.Tv