Rusiya Suriyada Türkiyəyə məxsus çörək zavodunu bombaladı

Rusiya  hərbi təyyarələri  Türkiyənin BMT  tərəfindən tanınmış məşhur  yardım təşkilatı İHH-nın (İnsani  Yardım  Təşkilatı) Suriyada  dinc  əhaliyə  kömək məqsədilə inşa etdiyi  çörək zavodunu bombalayıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə İHH-nın Twitter hesabında məlumat verilib.

 

Məlumata görə, çörək zavodu Suriya müxaliflərinin nəzarətindəki  İdlib bölgəsinin  Serap mahalında yerləşirmiş. Zavodda gündəlik 50 min adam üçün 16 min çörək bişirilərək, pulsuz paylanırmış. Təşkilat  bombardmanın videosunu da  paylaşıb.

 

Rusiya Suriyadakı bombardmanlarının İŞİD-ə qarşı olduğunu iddia edir. Lakin bu ərazidə İŞİD-in mövqeləri yerləşmir.

 

Qeyd edək ki, İHH Azərbaycanda da yaxşı tanınır. Təşkilat Qarabağ müharibəsi zamanı Azərbaycana da humanitar yardım gətirib. Bundan əlavə, İHH Azərbaycanda 400  kimsəsiz uşağa aylıq yardım edir. Bir neçə il bundan öncə isə Gəncədəki kimsəsiz uşaqlar evi İHH tərəfindən təmir edilib. Ötən ilin fevralında İHH İstanbulda Xocalı simpoziumu təşkil edib.

 

Müəllif | Apa.Tv