Torpağın qoruduğu qan yaddaşımız...
Qorxunc və vahiməli idi. Havanın buludlu olması, yağışın yağması və qatı duman bu qorxunu bir az da artırır Quba məzarlığında. Kütləvi məzarlıqda aşkar edilən iki su quyusundan biridir bura. 90 il öncə su quyusu idi bura. İndi torpağına toxunanda belə həyəcan, qorxu yaradır. İçi müxtəlif yaş kateqoriyasından olan insan skeletləri ilə doludur. Skeletlərin müxtəlif yaş kateqoriyasından olan insanlara aid olduğu sümük ölçülərindən ən təcrübəsiz adama belə aydın görünür. Kütləvi məzarlıq 2007-ci ildə aşkarlanıb. APA TV-nin məlumatına görə, ermənilərin 1918-ci ildə Qubada törətdikləri soyqırımın 500-ə qədər qurbanı bu su quyularına atılıblar. Məzarlığın ümumi sahəsi 514 kvadrat metrdir. Bu quyu çox dərin olub deyirlər. Və hesab edirlər ki, hazırda qazıntılar davam etdirilsə dərinliklərdən daha çox insan qalıqları ortaya çıxa bilər. Bu məzarlığa ilk bel vurub aşkarlayanlardan biri olan Seyidbaba Məhərrəmov deyir ki, onda çox qorxmuşdular indi adiləşib. O hətta məzarlıqda uşaq, qadın və kişiləri necə müəyyən etməkdən də danışdı, həm də real insan qalıqlarının üzərində. İndiliksə burda simvolik məzarlıq yaradılıb. Bu isə abidə kompleks üzərində yaradılmış muzey kompleksdir. Xəncəl tiyəsi formasındadır üz görüntüsü. 8 metr dərinlikdədir. İçərisində Quba faciəsi də daxil olmaqla Azərbaycanın başına gətirilən bir çox faciələr və müxtəlif illərdə törədilən erməni terrorları haqda məlumatlar var. Mobil rabitə vasitəsi ilə xarici qonaqlara bu faciələr barədə ətraflı məlumatlar verilir. Mən burdakı simvolik baş daşlarından ən böyüyünün arxasında dayandım ən kiçik görünmək üçün. Çünki onlar bizim tariximizdi. Və biz bu tarixi yazıb getdikləri üçün onlara sadəcə minnətdarıq...