Göyçayda ağaca çırpılan avtomobil aşdı: ağır yaralılar var

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

 

Göyçayın Qaraməryəm kənd sakini, 1952-ci il təvəllüdlü İlyas Ağaməmməd oğlu Tağıyev idarə etdiyi 10 KH 253 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən qəflətən sürücü qarşısına çıxan maneə səbəbindən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb və 2 metr dərinliyi olan çökək əraziyə aşıb.

 

Hadisə zamanı sürücü İlyas Tağıyev və sərnişini, Qarayazı kənd sakini, 1978-ci il təvəllüdlü Pərviz İdris oğlu Xankişiyev ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri ağırdır. Avtomobil tamamilə yararsız hala düşüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.   

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov