Şəkidə dəhşətli qəza: ata öldü, iki övladı xəsarət aldı

Şəkidə baş verən qəzada ata ölüb, iki övladı ağır xəsarət alıb.

 

APA TV-nin məlumatına görə, bu gün səhər saatlarında Şəki sakinləri - 1964-cü il təvəllüdlü Ağaismayıl Şahismayıl oğlu Əliyevin idarə etdiyi “VAZ-2106” markalı 55 BP 452 dövlət nömrə nişanlı avtomobillə 1965-ci il təvəllüdlü Eldar Yaqub oğlu Abdullayevin idarə etdiyi “QAZ-31” markalı 10 HZ 149 dövlət nömrə nişanlı maşın toqquşub.

 

Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Həmin avtomobildə olan sərnişinlər - sürücünün övladları, 1999-cu il təvəllüdlü Şahismayıl Əliyev, 1998-ci il təvəllüdlü Şahsinə Əliyeva, digər avtomobilin sürücüsü Eldar Abdullayev və onun sərnişini Elgün Nağı oğlu Həşimov aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Şahsinə Əliyeva və Elgün Həşimovun vəziyyətləri ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə orta-stabildir.

 

 Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv