Ağdaşda avtomobil hasara çırpıldı: iki bacı öldü, ata və oğul yaralandı

Ağdaş rayonunda iki nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə noyabrın 29-da axşam saatlarında Ağdaşın Türyançay kəndində qeydə alınıb.

 

1989-cu il təvəllüdlü Ağdaş sakini Əfqan Elton oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı daş hasara çırpıb. Hadisə zamanı sürücü Əfqan Əliyev, 1962-ci il təvəllüdlü atası Elton Cəlal oğlu Əliyev, 1948-ci il təvəllüdlü qaynanası Fatimə Qabil qızı Quliyeva, 1944-cü il təvəllüdlü bacısı Südabə Qabil qızı Quliyeva və ailənin qohumu, 1966-cı il təvəllüdlü Ruhəngiz Tofiq qızı Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Fatimə Quliyeva və bacısı Südabə Quliyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər 3 yaralı isə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti daha ağır olan Ruhəngiz Fərzəliyeva və Elton Əliyev hazırda reanimasiya şöbəsində koma vəziyyətindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, tam məlum deyil.

 

Qeyd edək ki, sürücünün atası Elton Əliyev Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşı olub və hazırda təqaüdçüdür.

 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov