DSX-nin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin təlimləri başa çatdı

Noyabrın 24-26 tarixlərində Dövlət Sərhəd Xidmətinin döyüş hazırlığı proqramına uyğun olaraq çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanılıb.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən xəbərə görə, ilkin olaraq dövlət sərhədini pozmuş şərti terrorçu dəstənin olduğu yerin dəqiqləşdirilməsi üzrə kəşfiyyat aparma imkanları və müəyyən edilmiş rayona  helikopterlərlə desant çıxarma bacarıqları yoxlanılıb, desantın paraşüt tullanışları müvəffəqiyyətlə yerinə yetirilib.

 

“Həyəcan” komandası ilə qaldırılmış çevik hərəkət bölmələri cəmləşmə rayonuna vaxtında çatmış və döyüş tapşırığının dərhal icrasına başlayıblar. Müəyyən olunmuş hədəflərə qarşı helikopterlərin idarə olunan raket komplekslərindən atışlar dəqiqliklə yerinə yetirilib.

 

Çevik hərəkət bölmələrinin mürəkkəb relyefli çətin keçilən dağlıq ərazidə zirehli texnikalarda döyüş bacarığı və atış imkanları, çevik hərəkət bölmələri aviasiya qüvvələri arasında əlaqələndirmənin səviyyəsi və həmin bölmələrin idarəetmə orqanlarının birgə fəaliyyəti yoxlanılıb. Aviasiya və döyüş texnikasının yüksək manevr imkanları, bölmələrin şəxsi heyəti tərəfindən möhkəm intizam və peşəkarlıq nümayiş etdirilib.

 

Yoxlama tədbirlərini baş nazirin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev izləyib.

Müəllif | Apa.Tv
Apa.tv