Zəncanın 2350 yaşlı duz kişisi - REPORTAJ
Xalq arasında “Qızıl Azərbaycan” deyə tanınan Zəncan vilayəti həm təbiəti ilə, həm də tarixi, arxeoloji abidələri ilə tanınır. Vilayətdə aparılan araşdırmalar zamanı tapılan materiallar Tehrana, Təbrizə göndərilməklə yanaşı, Zəncan şəhərində yerləşən arxeologiya muzeyində də saxlanılır. Bu muzeyin ən dəyərli eksponatı isə duz mumiyasıdır. Bu haqda bir az sonra...
Zəncan Arxeologiya Muzeyi xalq arasında Mahmud xan Zülfüqarinin evi muzeyi kimi də tanınır. Bunun maraqlı tarixçəsi var. Mahmud xan Zülfüqari Pəhləvilər dövründə Zəncan vilayətinin xanı olub. Onun haqqında "Zəncanın qaniçən mülkədarı və Zülfüqari qardaşlarının ən böyüyü" kimi deyə yazılır. Nəsillikcə Zəncanın hakimi və ya naibi olmuş bu qardaşlar (Zülfüqarilər) Zəncan məşrutəçilərinə divan tutmaqda, Cəngəli hərəkatının, Güney Azərbaycan baş verən milli hərəkatların yatırılmasında iştirak ediblər. Kəndlilər və hərəkat əleyhinə mübarizə aparan Zülfüqarilərin öz qoşunu olub və bu qoşun kəndlilərə divan tutmaqla məşhurlaşıb. Bu qoşun 1946-cı ildə Azərbaycan vilayətində ordu ilə birlikdə törədilmiş qırğınlarda aktiv iştirak edib.
Zəncan vilayətinin Turizm, Mədəniyyət və Əl İşləri İdarəsinin rəhbəri Yəhya Rəhməti İranın o zaman beş əyalətdən ibarət olduğunu deyir: “Zəncan beşinci əyalət olduğuna görə Xəmsə əyaləti adlanır. Xəmsə əyalətinin xanı Mahmud xan Zülfüqari imiş. Bu bina Mahmud xan Zülfüqarinin hökumət evi imiş. O, əyaləti bu evdən idarə edirmiş. Xalqa çox zülm edən adam olub. Hamı ondan narazı imiş. İslam inqilabı baş verəndə buranı qoyub qaçır. Amerikaya gedir, orada da ölür”.
İnqilabdan sonra Mahmud xan Zülfüqarinin evi arxeologiya muzeyi olur. Artıq vilayətdə tapılan bütün arxeoloji materiallar bu muzeydə toplanır. Muzeyi ziyarət edənlərin marağını cəlb edən əsas eksponat isə 2350 yaşı olan təbii duz mumiyadır.
Mumiyalar təbii və kimyəvi olaraq iki yerə bölünür. Təbii mumiyalar da üç yerə ayrılır: “Dünyada üç növ təbii mumiya var. Kimyəvi mumiyalar çoxdur. Misirdə olduğu kimi. Buz mumiyalara nümunə olaraq İtaliyada tapılan buz kişi mumiyalarını göstərə bilərik. Digər təbii mumiya isə sabun (palçıq) kişilərin mumiyalarıdır ki, onlar da Danimarkada tapılıb. Üçüncü növ isə Zəncanda tapılan duz kişi mumiyalarıdır”.
Duz insan mumiyaları Zəncan vilayətinin Çehrabad duz mədənində tapılıb. İlk duz mumiyası araşdırılan zaman mumiyalanmış insanın 1700 il əvvəl yaşadığı müəyyənləşib: “Duz mədənində bir insan mumiyası tapıldı. O insan 1700 il qabaq yaşamışdı. Həmin dövr Arşakilərin sonu, Sasanilərin əvvəlini əhatə edir. Bu adamın ayağında bir çəkmə var idi”.
Həmin şəxsin yaşadığı elin böyüyü və ya duz mədənin rəhbəri olduğu güman olunur. Çünki onun üzərində qızıl sırğa tapılıb. Bu onun imkan və səlahiyyət sahibi olmasını sübut edir. Duz mumiya Tehranda milli muzeyində saxlanır.
On il sonra tapılan mumiya isə daha dəyərli tapıntı idi. O tarixə dünyanın ən qədim duz mumiyası olaraq düşüb: “Buradakı nümunənin üzərində Oksford Universitetinin əməkdaşları ilə birgə iş aparılır. Tədqiqatlar 16-18 yaşlı bu gəncin 2350 il qabaq yaşadığını ortaya qoyur”.
12 il öncə Çehrabad duz mədənində mumiyası tapılan gənc mədəndə fəhlə olaraq işləyirmiş. O, çiynində duz kisəsi daşıyarkən fəlakət baş verib, nəticədə uçqun altında qalıb. Gənc mumiya oğlanın üzərində kətan parçadan olan paltar, bıçaq, ayaqqabı, çiynində dəridən duz kisə olub. Bu eksponatlar hamısı öz orijinallığını itirmədən salamat qalıb. Uçqun zamanı üzərinə duz tökülməsi nəticəsində meyit quruyub və günümüzədək tam formasını saxlaya bilib. Duz insanın tarix üçün başqa bir dəyəri isə onun yaşadığı dövrün geyiminin dövrümüzə yetişməsidir: “2300 il qabaq bu ərazilərdə Əhəmənilər hakimiyyətdə idilər. Əhəmənilərin nə geyindikləri barədə dünya heç bir bilgi yoxdur. Ancaq bir dəst geyim ki, duz adamın əynindədir, o dövrün yeganə nümunəsidir. Bununla bilmək olur ki Əhəmənilər dövründə insanlar necə geyinirmiş”.
Yəhya Rəhməti deyir ki, mumiya-adam Zəncan tarixinin çox qədim olduğunu sübut edir. Bu adamın əynindəki kətan paltar, ayağındakı ayaqqabı formalı çarıq o dövrdə Zəncanda mədəniyyətin inkişaf etdiyini göstərir. Xüsusilə də ayaqqabı. Hər birimizə bəllidir ki, müasir ayaqqabının yaşı 900 ildir. Amma bu mumiyanın ayağındakı ayaqqabını xatırladan çarıq əslində bu geyimin daha qədimlərdə də mövcud olduğuna sübutdur.
Geyimdən başqa bu gəncin üzərindən gümüş sırğa tapılıb. Bu isə onun duz mədənində fəhlə işləməsi anlamına gəlir. Yəhya Rəhməti belə deyir.
Sözügedən muzeydə duz mumiyadan başqa tarixi dörd min ilədək olan eksponatlar, dəmirdən, gildən hazırlanan müxtəlif növ əşyalar, bıçaqlar, məişət əşyaları, silahlar nümayiş etdirilir. Muzeydə eyni zamanda 2000-2500 il bundan öncəyə aid kətan və yun parçalar, palaz, kilim kimi eksponatlar da saxlanılır.