Lənkəranda "Mercedes" yük maşını ilə toqquşdu: 1 ölü, 2 yaralı
Lənkəranda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 30-da günorta saatlarında rayonun Siyavar kəndi ərazisində qeydə alınıb.
Astara rayon sakini, 60 yaşlı Akif Rza oğlu Əhmədovun idarə etdiyi “Mercedes” markalı, 10 VN 098 dövlət nömrə nişanlı minik avtomobili Lənkəran rayon sakini Ruslan Fuad oğlu Nuriyevin “Ford” markalı, H 023103 tranzit nömrə nişanlı kiçik tutumlu yük maşını ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, yaxınlıqdakı qaz borusu zədələnib, eləcə də üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib. “Ford”un sürücüsünün və sərnişinini, Lənkəran şəhər sakini, 20 yaşlı Kənan Vidadi oğlu Axundlunun vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.