Bakıda kafedə partlayış: sahibi öldü, qızı və həyat yoldaşı yaralandı
Bakının Nəsimi rayonunda kafedə partlayış baş verib, eyni ailədən bir nəfər ölüb, iki nəfər yaralanıb.
APA TV-nin xəbərinə görə, Abdulvahab Salamzadə küçəsindəki taxta konstruksiyalı kafedə partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilir.
Hadisə zamanı içəridə yalnız kafenin sahibi, 79 yaşlı Əsli Qasımova olub. O, partlayış nəticəsində ölüb.
Partlayışdan sonra başlayan yanğının söndürülməsi üçün Yasamal, Nəsimi və Binəqədi rayonlarından ümumilikdə 6 yanğınsöndürmə briqadası cəlb edilib. Alovun qarşısı alındıqdan sonra 79 yaşlı qadının meyiti dağıntılar altından çıxarılıb.
Onun həyat yoldaşı Asif Qasımovun xəsarətləri yüngül olduğundan, ilkin tibbi yardımdan sonra xəstəxanadan evə buraxılıb. Qızı Vüsalə Qasımova isə xəstəxanada müalicə alır.
Asif Qasımov bildirib ki, o və qızı partlayış zamanı içəridə olan Əsli Qasımovanın köməyinə gedərkən xəsarət alıblar.
Yanğınla bağlı araşdırmalar davam etdirilir.