Putindən Türkiyəyə ağır ittihamlar: "Türkmənlərin müdafiəsi bəhanədir"
Moskva Türkiyə ilə vizasız rejimi ləğv edib və bu da terrorçuluqla mübarizənin bir elementidir. APA TV-nin xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Parisdə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ankara yüksək səviyyəli Rusiya-Türkiyə əlaqələrinə zərbə vurub. Vladimir Putin münasibətlərin pozulmasına görə təəssüfləndiyini bildirsə də, qeyd edib ki, bunun günahkarı Rusiya deyil.
Rusiya prezidenti bəyan edib ki, vizasız rejimdən terrorçular istifadə edirmiş və Ankara Rusiyanın bununla bağlı narahatlıqlarına reaksiya vermirmiş. Onun sözlərinə görə, Rusiya ərazisində, o cümlədən, Şimali Qafqazda döyüşən silahlı terrorçular Türkiyə ərazisinə keçirdi: "Moskva Ankaradan xahiş etmişdi ki, bu təcrübəyə son qoyulsun. Üstəlik, biz müşahidə edirdik ki, onlar Türkiyə ərazisindədirlər, xüsusi xidmət orqanları və polis tərəfindən mühafizə olunan regionlarda yaşayırlar, sonra isə vizasız rejimdən istifadə edərək, yenidən bizim əraziyə soxulurlar. Biz onlarla mübarizəni davam etdiririk".
Vladimir Putin deyib ki, Moskva dəfələrlə bu məsələni qaldırsa da, Türkiyə tərəfdən tərəfdaşlıq mövqeyi görməyib. O, əlavə edib ki, Rusiya İŞİD-in nəzarəti altında olan ərazilərdə hasil olunan neft məhsullarının sənaye miqyasında Türkiyəyə daşınması barədə əlavə məlumatlar əldə edib: "Bizim ehtimal etmək üçün əsaslarımız var ki, təyyarəmizin vurulması barədə qərar neftin Türkiyə ərazisinə daşınması kanallarını təmin etmək üçün verilib. Türkmənlərin müdafiəsi yalnız bəhanədir".
Vladimir Putin bir daha təkrarlayıb ki, Rusiya bombardmançısının vurulması Ankaranın çox böyük səhvi olub: "Biz Türkiyə tərəfdən eşitmişik ki, qərarı Türkiyə prezidenti yox, başqa şəxslər qəbul edib. Bu, bizim üçün ciddi əhəmiyyət kəsb etmir".