Türkiyənin vurduğu təyyarənin komandirinin cənazəsi Rusiyaya gətirildi

Türkiyə-Suriya sərhədində vurulan Rusiya bombardmançısının komandiri Oleq Peşkovun cənazəsi Rusiyaya aparılıb.

 

APA TV-nin xəbərinə görə, cənazəni gətirən təyyarə Moskva ətrafındakı Çkalovsk aerodromuna enib. Təyyarəni Rusiyanın müdafiə naziri Sergey Şoyqu qarşılayıb.

 

Cənazəni gətirən "An-124" təyyarəsi Rusiyanın hava məkanına daxil olan kimi onu qırıcılar müşayiət edib.

 

Qarşılama mərasimində müdafiə naziri ilə yanaşı, Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanı Viktor Bondarev da iştirak edib.

 

Viktor Bondarev bildirib ki, Oleq Peşkov ilk gündən sonuncu uçuşa qədər hərbi borcunu ləyaqətlə yerinə yetirib: "Arxadan açılan xain atəşi ilə gözəl insan və gözəl pilotun həyatı yarımçıq qaldı. Bu gün Oleq Anatolyeviç Rusiya təyyarəsi ilə Rusiya torpağına gətirildi. Biz həmişə borcumuzun yerinə yetirilməsində ondan nümunə götürəcəyik. Xain addımı düşünənlər və həyata keçirənlər layiq olduqları cəzanı çəkəcəklər".

 

Xatırladaq ki, Rusiyaya məxsus "Su-24" bombardmançısı noyabrın 24-də Türkiyə Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulub. Təyyarənin komandiri Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı fəxri adı verilib.

 

Oleq Peşkovun cənazəsi qarşılanma mərasimindən sonra Lipetskə yola salınıb. Doğmalarının istəyi ilə, o, ailəsinin yaşadığı şəhərdə dəfn ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv