“Bank of Baku” daha bir ilkə imza atdı!
Müştərilərinə göstərdiyi yüksək xidmət səviyyəsi ilə yanaşı, icra etdiyi sosial məsuliyyət layihələri ilə cəmiyyətin rəğbət və sevgisini qazanan "Bank of Baku" bir çox qurumlara örnək olacaq bir ilkə imza atıb.
APA TV-nin xəbərinə görə, noyabrın 30-u "Bank of Baku" son bir ay ərzində icra etdiyi "Məhdudiyyətlərə Meydan Oxuyaq" layihəsinin rəsmi bağlanış mərasimini və Azərbaycanda ilk Əngəlsiz Karyera Sərgisini həyata keçirib.
İlk dəfə olaraq fiziki əlilliyi olan şəxslər üçün geniş miqyasda keçirilən layihə nəticəsində 40 nəfərə yaxın şəxsin peşə bacarıqlarının artırılması ilə yanaşı, onların cəmiyyətə yenidən inteqrasiya olmasına dəstək göstərilib. Həmçinin layihə iştirakçılarının işlə təmin olunması üçün geniş şərait yaradılıb.
"Bank of Baku" və tərəfdaş qurumların rəhbər şəxslərinin iştirakı ilə keçirilən "Məhdudiyyətlərə Meydan Oxuyaq!" layihəsinin bağlanış mərasiminin ardınca layihə iştirakçıları üçün nəzərdə tutulmuş İlk Əngəlsiz Karyera sərgisi rəsmi olaraq açıq elan olunub.
«Bank of Baku»nun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nigar Tahirovanın sözlərinə görə, bu gün bank üçün məsuliyyətli və həyəcanlı bir gündür: “Bir ay ərzində davam edən layihə çərçivəsində doğmalaşdığımız iştirakçılarımızla ayrılmaq əslində çox çətindir. Lakin sevindirici məqam var ki, o da onlardan ikisinin bizim ailəmizə qoşulmasıdır. İnanıram ki, bu gün burada ölkəmizdə ilk dəfə olaraq fiziki məhdudiyyəti olan şəxslər üçün keçirilən Əngəlsiz Karyera Sərgisi digər iştirakçılarımızın da işlə təmin olunmasına geniş imkan yaradacaq. Fürsətdən istifadə edərək sərgidə iştirak edən bütün şirkətlərə və tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildirir, sonda xüsusilə vurğulamaq istəyirəm ki, "Bank of Baku" olaraq bundan sonra da Korporativ Sosial Məsuliyyət proqramımız çərçivəsində və digər sosial layihələrin icrasını davam etdirəcəyik".
Qeyd edək ki, ölkənin İlk Əngəlsiz Karyera Sərgisi müxtəlif sahələrdə fəaliyyət göstərən 30-a yaxın şirkətin iştirakı ilə həyata keçirilib.