Göyçayda evə maskalı basqın: qızıl və pul oğurlandı
Göyçay rayonunda maskalı şəxslər evə basqın ediblər. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Göyçay şəhərinin Vaqif küçəsindəki 45 saylı evdə qeydə alınıb.
Dörd nəfər maskalı şəxs əllərində tapança və bıçaqla ev sahibi, 1952-ci il təvəllüdlü Hacıyev Fərzəli Məhəmməd oğlunun yaşadığı evə basqın ediblər. Naməlum şəxslər Fərzəli Hacıyevi, onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Rəxşəndə Hacıyevanı və oğlu 1995-ci il təvəllüdlü Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Zərərçəkmiş Rəxşəndə Hacıyeva hadisənin təfərrüatlarını APA TV-yə danışıb: “Maskalı şəxslər bıçaqla hücum etdilər və bizi öldürməklə hədələyərək evdə olan qızıl-zinət əşyaları və pulu tələb etdilər. Biz vermədik və ayaq, yumruqla bizə ağır xəsarətlər yetirdilər. Biz qışqırdıq ki, ay qonşular, bizi öldürürlər, tez köməyə gəlin. Onlar qızıl və pulu götürüb qaçdılar”.
Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən ailə üzvlərinə həkimlər tibbi yardım göstəriblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Maskalı şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.
Qeyd edək ki, Fərzalı Hacıyevin uzun müddətdir rayonda dəri alveri ilə məşğul olduğu bildirilir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.