Bakıya 5 ton mənşəyi bilinməyən ət gətirilməsinin qarşısı alındı

Noyabrın 30-da Kənd Təsərrüfatı Nazirliyinə Bərdə şəhərindən avtomaşınla mənşəyi məlum olmayan, yararlığı qida üçün şübhə doğuran ətin Bakı şəhərinə gətirilməsi barədə məlumat daxil olub.

 

APA TV-nin xəbərinə görə, həmin məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən reyd keçirilib.

 

Reyd zamanı 5 tona yaxın mənşəyi bilinməyən ət Bərdədən gətirilərkən Qaradağda saxlanılıb. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun sözlərinə görə, ətlərdən nümunə götürülərək laboratoriyaya göndərilib. Nəticələri məlum olduqdan sonra müvafiq tədbirlər görüləcək: "Həmçinin həmin ətləri gətirən şəxslərin izahatına əsasən Bərdə şəhərində də müvafiq reyd keçirilib. Tərəfimizdən Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində olan soyuducu kameralardan da 20 tondan yuxarı mənşəyi məlum olmayan, yararlığı qida üçün şübhə doğuran heyvan cəmdəkləri aşkar olunub. Həmin heyvan cəmdəklərindən də nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təhvil verilib. Nazir Heydər Əsədovun ciddi tapşırığına əsasən, bu reydlər respublikanın ərazisində mütəmadi olaraq davam etdiriləcək, qanuna müvafiq ciddi tədbirlər görüləcək və hüquq-mühafizə orqanlarına sənədlər təqdim ediləcək".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova