Şəhid əsgərimiz torpağa tapşırıldı

Ötən gün Ermənistan silahlılarının açdığı atəş nəticəsində şəhid olan əsgər Elşən İsmayılov bu gün doğulduğu Tovuz rayonunun Əhmədabad kəndində torpağa tapşırılıb.

 

APA TV-nin məlumatına görə, dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, idarə və müəssisə rəhbərləri, kənd sakinləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Ailənin 4-cü övladı olan Elşən İsmayılov bir ay öncə anasını itiribmiş. O, noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında şəhid olub.

 

19 yaşlı Elşən həm hərbi xidmətdə, həm də doğulduğu kənddə əsl vətənpərvər kimi yaddaşlarda qalıb. Dostları, yaxınları onun hər zaman mərdliyi ilə seçildiyini bildiriblər.

 

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala təqdim olunub.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli