Əsli ilə Kərəmin məzarları tapıldı? - REPORTAJ
Məşhur xalq dastanına görə, qədim dövrdə Gəncənin ilk hökmdarı olmuş Ziyad xanın sevimli oğlu Kərəm və məkrli Qara Keşişin füsunkar qızı Əsli bir-birini saf məhəbbətlə sevir və bu yolda hər çətinliyə dözürlər. Lakin Qara Keşişin bəd cadugərlik əməlləri nəticəsində qovuşa bilməyən sevgililər od tutub yanırlar.
Dastan qəhrəmanlarının qəbirlərinin Gəncənin qədimdə yerləşdiyi ərazilərdə olması haqda el dilində gəzən söhbətlərin sorağı bizi Göygöl rayonunun 25 il bundan əvvələdək “Qara keşiş yurdu” adlandırılan Kərəmli kəndinə aparıb çıxardı. Elə ilk rastımıza çıxan sakinlə söhbətdən bəlli oldu ki, indi bir qədər unudulsa da, Əsli və Kərəmə məxsus olduğu bildirilən məzarlar məhz bu kəndin yuxarı hissəsində, Gülazar bulağı yolunun üstündəki qədim qəbiristanlığın qalıqları arasındadır.
Oqtay Mustafayev: "O vaxtlar ağsaqqallar deyirdilər ki, bu, Əsli ilə Kərəmin qəbridir".
Süleyman Muradov: "Uşaq vaxtı biz bu dağa həmişə gəzməyə gələrdik. Gülazar bulağına böyüklər bizi gətirirdi. Burda biz oynayanda dağdağan ağacına yaxın gedib üstünə çıxmaq istəyərkən böyüklər bizi qoymazdı. Deyərdilər ki, ora Əsli ilə Kərəmin görüş yeridir. Günahdır olmaz".
Yerli sakinlərin və bələdçilərin köməyi ilə uzun daşlı yolları keçdikdən sonra qəbirlər olan təpəyə gəlib çatmaq olur. Qəbirlərdən birinin Əsliyə, o birinin isə Kərəmə məxsus olduğu bildirilir.
Yazıçı-publisist Nüşabə Məmmədova: "1973-cü ildə Azərbaycan Televiziyası, mənim rəfiqəm Lətifə Tağıyeva gəlib süjet çəkmək istəyirdi. Mən onu yönəltdim həm Gülazar bulağına, həm də Əsli və Kərəmin qəbrinə. Ziyarət elədik və süjet hazırladıq. O vaxtdan inanıram ki, ora heç kim getməyib. Orda qəbiristanlıq var idi, o da dağılıb. Sadəcə, xalq o qədər sevib ki, bu dastanı, şifahi xalq yaradıcılıq nümunəsini, Əsli və Kərəmin qəbrinə toxunmayıb".
Müsahibimiz qəbirlərin üstündəki, indi yalnız xaç kimi qəbul edilən işarələrə də toxunaraq, onların tarixçəsinin xristianlıqdan çox qədim olduğunu söyləyib.
Onu da qeyd edək ki, Əsli ilə Kərəmin qəbri kimi tanınan tarixi abidənin bu günümüzdə ictimaiyyətə çatdırılmasında Gəncədə çalışan araşdırmaçı jurnalist Zakir Muradovun da əməyi olub: "Çox qəribədir ki, bu dövrlər ərzində Gəncədə də heç kim bilmirdi ki, Əsli ilə Kərəmin qəbirləri yaxınlıqda yerləşir. Nüşabə xanımla söhbətdən sonra mən də xali oldum vəziyyətdən və gedib axtardıq. Gedib o Kərəmli kəndində qəbirləri tapdıq. Yerli sakinlər də söyləyirdilər ki, uşaqlıqdan bilirlər Əsli ilə Kərəmin qəbiri burdadır".
Əlbəttə, dastanlar xalq yaradıcılığının məhsulu olmaqla, olmuş hadisələri tam əks etdirməyə bilər. Lakin xalqımızın uzun illər ərzində qoruyub bu günədək gətirib çıxardığı tarixi abidələrə etinasız yanaşmaq da doğru olmazdı.