Göyçay sakini Azərbaycanda ilk dəfə "Hind narı" yetişdirib
Göyçay sakini Rafiq Xəlilov ölkəmizdə ilk dəfə "Hind narı" yetişdirib. Bağban deyir ki, Göyçayda narın 65 növü yetişdirilir. Türklərin “Qüdrət narı” adlandırdığı bu yeni növ dünyada "Hind narı" kimi tanınır və bir çox xəstəliklərin müalicəsində istifadə edilir.
Rafiq Xəlilovun sözlərinə görə, narın toxumları Hindistandan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Toxumlar əvvəlcə xüsusi qablarda yetişdirilib, sonra əldə olunan şitillər torpağa köçürülüb. Hazırda təsərrüfatda 70 hind narı kolu var.
Başqa növlərlə müqayisədə tez yetişən hind narı qeyri-adi görünüşə, dada və rəngə malikdir. Hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən böyükdür. Hind narı ötən il Göyçayda keçirilən Nar Bayramında ilk dəfə nümayiş etdirilib. Bağban, bu il hind narı bağını genişləndirdiyini, bu meyvədən dərman hazırlamaq üçün müxtəlif bölgələrdən müraciətlər olduğunu deyib. O, bu ilin noyabrında Göyçayda təşkil olunacaq növbəti Nar Bayramında hind narını ictimaiyyətə daha geniş şəkildə təqdim edəcəyini qeyd edib. Otuz ildən çoxdur ki, bağbanlıq edən Rafiq Xəlilov öz təsərrüfatında 100-dən çox meyvə ağacının müxtəlif sortlarını yetişdirib və məhsul əldə edib.