Moskvada azərbaycanlını oxla öldürən qadın killer həbs olunub

Ötən həftə Moskvada Azərbaycan vətəndaşını xüsusi amansızlıqla qətlə yetirən qadın killer həbs olunub. Soydaşımızı sualtı ov üçün nəzərdə tutulan, “arbalet” adlanan alətlə qətlə yetirən 33 yaşlı qadının bu cinayəti sifarişlə törətdiyi müəyyənləşib. Qətlin sifarişçisi adı açıqlanmayan 41 yaşlı Moskva sakinidir. Həmin şəxs də artıq həbs olunub.

İstintaq zamanı öldürülən azərbaycanlının qatil və sifarişçi ilə heç bir əlaqəsinin olmadığı üzə çıxıb. Qətlin təşkilatçısı ona borclu olan şəxsləri öldürmək qərarına gəlib və bu məqsədlə qadın killerlə tanış olub. Qadın istənilən şəxsi arbaletlə öldürə biləcəyini deyib. Killer bacarığını isbatlamaq üçün Moskva kafelərindən birində bir azərbaycanlı ilə tanış olub və onu müxtəlif bəhanələrlə sifarişçinin yanına gətirib. Moskva dairəvi yolunun kənarında soydaşımızı maşından düşürən qadın əvvəlcədən kolluqda gizlətdiyi qundaqlı ox-yayla onun kürəyinə atəş açıb. Azərbaycan vətəndaşı aldığı yaradan hadisə yerində ölüb.

Qadın killer və qətlin sifarişçisinə qarşı “bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qətl törədilməsi” maddəsi ilə cinayət işi başlanıb. Öldürülən azərbaycanlının adı açıqlanmır, onun yalnız 30 yaşlı Azərbaycan vətəndaş olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv