Prezident Naxçıvanda bir sıra obyektlərin açılışını etdi
Dekabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib.
APA TV-nin xəbərinə görə, prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.
Daha sonra Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı” ilə tanış olub. Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçısına terminalın texniki göstəriciləri barədə məlumat veriblər. Bildirilib ki, yenidənqurma işləri aparılarkən burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Uzunluğu 41 metr olan baqaj konveyeri və eskalatorlar istifadəyə verilib. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcək.
Prezident İlham Əliyev sonra Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.
Prezident İlham Əliyev yenidən qurulmuş Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib. Məlumat verilib ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək. Bu magistral təkcə Naxçıvan şəhəri və Babək rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.
Dövlət başçısı Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin və Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışında iştirak edib.
Ölkə başçısı Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında da iştirak edib. 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompüter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə də görüşüb.
Dövlət başçısı Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində və Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib. Müəssisənin ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır.
Dövlət başçısı müəssisəni işə salıb.
Prezident İlham Əliyev sonra Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, bu energetika qurğusu üçün 35 hektar torpaq sahəsi ayrılıb. 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
Prezident İlham Əliyev stansiyanın açılışını bildirən düyməni basıb.
Bununla da prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və hökumətin üzvləri yola salıblar.