Taleh Bağırzadənin daha bir neçə tərəfdarı həbs edildi

“Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən daha bir neçə nəfər tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Elnur Cabbarov tutulub. Ondan 2 ədəd “F-1” qumbarası və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb. 

 

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elnur Mehdiyevin mənzilindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd “RQD-5” qumbarası, 3 ədəd patron darağı, 57 ədəd avtomat patronu, 18 ədəd dini ədəbiyyat, 1 ədəd dini məzmunlu qəzet və 3 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb. 

 

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən, noyabrın 30-da İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə həbs olunmuş Möhtəbər Babayevin məlum Nardaran hadisəsində iştirak etməsi və “Müsəlman birliyi” adlı hərəkatın üzvü olan Rövşənin ona saxlamaq məqsədilə avtomat silah verməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Babayevin Xankeçən kəndinin yaxınlığında gizlətdiyi 1 ədəd “AKMS” markalı silah, 1 ədəd parton darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elgün Axundov tutulub. Onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd “F-1” qumbarası və 22 ədəd patron götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv