Göyçayda mənzillərə su sayğaclarının quraşdırılması davam edir

Göyçayda 1500 mənzildə su sayğacları quraşdırılıb, əhali içməli su ilə təmin olunub. Şəhərdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi həyata keçirilir. Su-kanalizasiya xəttinin çəkilişi "Azərsu" ASC-nin sifarişi ilə Türkiyənin "Atinak" şirkəti tərəfindən aparılır. Şirkətin işçiləri şəhərin bir sıra küçələrində yeraltı su və kanalizasiya xətlərinin çəkilişini başa çatdırıb və mənzillərə sayğacların quraşdırılmasına başlayıblar.

Bu günədək şəhərin Əli Kərim küçəsindəki mənzillərə su sayğacları quraşdırılıb və əhali içməli su ilə təmin olunub. Bu günədək 10-a yaxın küçədə 1500 mənzilə sayğac quraşdırılaraq abonentlər içməli su ilə təmin edilib. Tikinti-quraşdırma işlərinə Azərbaycan və Türkiyədən 300 nəfərədək işçi, eləcə də 100-ə yaxın müxtəlif təyinatlı texnika cəlb edilib. “Göyçay-1“ adlanan ərazidə bu günədək işlərin 95 faizi görülüb. Ərazidə tikinti-quraşdırma işləri bir aydan sonra yekunlaşacaq.

“Göyçay-2” adlanan ərazidə də yeraltı su-kanalizasiya xətlərinin çəkilişi həyata keçirilir. Həmin ərazidə 5 minə yaxın abonent üçün 28 min metr su xətti və 27 min metr kanalizasiya xətti çəkilib. Üç aydan sonra həmin ərazidəki mənzillərdə sayğacların quraşdırılmasına başlanılacaq.

Şəhərin 48 küçəsindən 30-da yeraltı boru xətlərinin çəkilişi başa çatdırılıb və hazırda asfaltlanma işləri görülür. Öncə şəhərin Heydər Əliyev prospektinə yeni asfalt örtüyü döşənib. Şəhərin şimalında daha bir ədəd 2 min tonluq su anbarının inşası, Potu kəndində iki artezian quyusunun qazılması nəzərdə tutulur.


 

Müəllif | Apa.Tv
Elvin Yaqubov