“Bakutel 2015” sərgisi başladı
Bu gün Bakı Ekspo Mərkəzində İKT üzrə ən iri ixtisaslaşmış tədbir - “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi başlayıb.
APA TV-nin xəbərinə görə, açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Ramin Quluzadə qeyd edib ki, ənənəvi olaraq təşkil edilən “BakuTel” sərgisinə yenə də maraq olduqca böyükdür. Bu il sərgidə dünyanın 21 ölkəni təmsil edən 203 şirkəti iştirak edir.
Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir və onların əksəriyyəti Azərbaycanın İKT bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Bu il sərgidə ilk dəfə olaraq “AVAYA”, “Google”, “Kasperskiy Laboratoriyası” və digər aparıcı dünya şirkətləri iştirak edirlər.
İKT sahəsinin gündəlik həyat tərzinin müxtəlif sahələrinə fəal şəkildə nüfuz etməsi ilə əlaqədar olaraq, bir sıra şirkətlər sərgidə insanın gündəlik həyat və məişətini asanlaşdıran müxtəlif “qacet”lərin təqdimatını keçirəcək.
İlk dəfə olaraq “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - “Bakcell” şirkəti çıxış edir. Sərgini müşayiət edən işgüzar proqram çərçivəsində iştirakçı şirkətlər Bakı Ekspo Mərkəzində bir sıra seminarlar keçirəcək. Sərginin bütün qonaq və ziyarətçilərini işgüzar görüş və danışıqlarla yanaşı, İT texnologiyalarından istifadə etməklə keçiriləcək sürprizlər, müsabiqələr və viktorinalar gözləyir. Həmçinin sərginin təşkilatçıları - “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləri də ziyarətçilər üçün sürprizlər hazırlayıb. Sərginin keçiriləcəyi bütün günlər ərzində Londonun “Magic Circle” sirkinin tanınmış illüzionisti sadə “iPad” və telefonla “Bakutel” sərgisinin bütün ziyarətçiləri üçün bir-birindən maraqlı fokuslar göstərəcək.
Ziyarətçilərin rahatlığı üçün metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə (hər bir saatdan bir) pulsuz avtobuslar hərəkət edəcək.