Daha bir ana ölümü: 33 yaşlı qadın doğuşdan sonra dünyasını dəyişdi
Cəlilabad rayonunda ana doğuş zamanı ölüb. APA TV-nin cənub bürosunun məlumatına görə, Cəlilabad şəhər sakini, 33 yaşlı Xanım Yusubova müayinə olunmaqdan ötrü yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib.
Müayinə zamanı həkimlər gənc anada təbii doğuşun təhlükəli nəticəyə səbəb olacağını əsas gətirərək, onu təcili qeysəriyyə əməliyyatına götürüblər. Əməliyyatdan sonra oğlan uşağı dünyaya gətirən ananın vəziyyəti qəfildən pisləşib.
Həkimlərin səylərinə baxmayaraq, anada başlayan qanaxmanın qarşısını almaq mümkün olmayıb. Xəstənin vəziyyəti getdikcə ağırlaşdığından, təcili olaraq Bakıdan ixtisaslı həkim briqadası da çağırılıb. Həkim briqadasının müşayiəti ilə qadın Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə göndərilib. Görülən tədbirlərə baxmayaraq, Xanım Yusubova orada dünyasını dəyişib.
İlkin versiya kimi gənc ananın ölümünün səbəbi onda hamiləliklə bağlı olmayan xəstəliklə əlaqələndirilib.