Göygöl və Gədəbəydə Qarabağ əlilləri və şəhid ailələrinə yeni evlər verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göygöl rayonunda 1 ədəd, Gədəbəy rayonunda 2 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.
APA TV-nin verdiyi məlumata görə, yeni evlərin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib.
İstifadəyə verilən mənzillərdə ailələrin normal yaşayışı üçün hər bir şərait yaradılıb. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün bölgələrdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi, həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Qeyd olunan rayonların İcra Hakimiyyətlərinin, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri hər bir sahədə prezident İlham Əliyevin qayğısını hiss etdiklərini vurğulayıb, buna görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.