Britaniya parlamenti İŞİD-ə qarşı əməliyyatlara razılıq verdi
Britaniya parlamenti ölkənin Suriyada İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlarda iştirakına razılıq verib. APA TV-nin məlumatına görə, qərarın lehinə 397, əleyhinə 223 deputat səs verib.
Səsvermədən əvvəl bütün gün ərində parlamentdə qızğın debatlar olub. Baş nazir Devid Kemeron növbəti dəfə bəyan edib ki, Britaniya xalqı üçün də təhlükəyə çevrilən terrorçulara qarşı təcili hərbi addımların atılması vacibdir.
Onun rəqibi, müxalifət lideri Ceremi Korbin isə əks mövqedən çıxış edib. Bununla belə, o, partiyadaşlarını qərarın əleyhinə səs verməyə çağırmayıb. Nəticədə bir çox leyboristlər də mühafizəkarlarla həmrəy olaraq, hərbi əməliyyatların başlanmasına səs veriblər. Leyboristlər Partiyasının 67 deputatının qərarın lehinə səs verməsi Devid Kemeronun ilk böyük qələbəsi ilə nəticələnib.
Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib ki, ölkənin Hərbi Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə bir ildən çox zərbələr endirə bilərlər. Müdafiə Nazirliyi isə artıq hazır əməliyyat planına malik olduğunu və İŞİD-in mövqelərinə ilk zərbənin tezliklə endiriləcəyini bəyan edib.
Parlamentin qərarından sonra Kiprin "Akrotiri" aviabazasından Britaniya qırıcıları Suriyaya doğru hərəkətə başlayıblar. Britaniya mətbuatının məlumatına görə, səsvermə başlayan vaxt qırıcılar döyüş hazırlığına gətirilibmiş.