ABŞ-da silahlı insident: 14 ölü, 17 yaralı
ABŞ-ın Kaliforniya ştatında baş verən silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.
APA TV-nin xəbərinə görə, bir neçə silahlı şəxs San-Bernardino şəhərində əqli problemli şəxslər üçün mərkəzə daxil olaraq, ətrafa atəş açmağa başlayıb. Polisin məlumatına görə, hadisənin terror aktı olub-olmadığı araşdırılır.
Hadisənin binada keçirilən konfrans zamanı baş verdiyi bildirilir. Silahlıların niyə məhz əqli problemi olan şəxslər üçün mərkəzi hədəf kimi seçdiyi hələlik məlum deyil.
Polis əməkdaşları hadisənin baş verdiyi yerin yaxınlığında silahlı hücumda iştirak etməkdə şübhəli bilinənlərdən birini zərərsizləşdiriblər. Hadisə yerindən çəkilən görüntülərdə şüşələri güllə ilə deşilmiş qara avtomobil görünür. Avtomobil iki zirehli maşın və hüquq-mühafizə orqanlarının onlarla əməkdaşı tərəfindən mühasirəyə alınıb.
Silahlı hücumda iştirak edən daha bir nəfərin isə saxlanıldığı bildirilir.
Polis ehtimal edir ki, hücumda daha bir neçə adam iştirak edib. Şahidlərin sözlərinə görə, hadisəni törədənlər hərbi geyimdə olublar və tüfənglə silahlanıblar.