Lavrov Çavuşoğlu ilə görüşə razılaşdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşməyə razılıq verib.

 

APA TV-nin xəbərinə görə, görüş dekabrın 3-4-də Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində keçirilə bilər.

 

Sergey Lavrov qeyd edib ki, Rusiyaya məxsus bombardmançının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından bir gün sonra Çavuşoğlu ilə danışıb, amma "Türkiyə hakimiyyətinin özünə haqq qazandıran bəyanatlarından fərqli heç nə eşitməyib".

 

"İndi Türkiyə tərəfi üz-üzə görüşün keçirilməsini israrla xahiş edir. Biz bu təmasdan yayınmayacağıq. Dinləyək görək cənab Çavuşoğlu bizə nə deyəcək. Bəlkə bundan əvvəl kütləvi ifadə edilənlə müqayisədə ortaya təzə nəsə çıxacaq" - deyə nazir bildirib.

 

Sergey Lavrov əlavə edib ki, görüşdə yeni nəsə deyilməsə, bu, "kədərli olacaq".

Müəllif | Apa.Tv
Apa.tv