Davudoğlu: "Rusiyanın sanksiyalarına bizim də cavabımız olacaq"
Əhməd Davudoğlu Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Türkiyənin baş naziri bildirib ki, Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.
Baş nazir həmçinin rəsmi Moskvanı iki ölkə arasındakı sanksiyaların aradan qaldırılması üçün danışıqlar masası arxasında əyləşməyə çağırıb. O, bu bəyanatı çərşənbə axşamı Türkiyənin aparıcı iş adamları ilə görüşü zamanı verib. Əhməd Davudoğlu həmçinin deyib ki, Ankara Rusiyanın iqtisadi sanksiyalarına qarşı cavab tədbirləri görməyə hazırlaşır. Türkiyənin hökumət başçısı Rusiya tərəfinin ölkəsini İŞİD-dən neft almaqda ittiham etməsinə də münasibət bildirib.
"Rusiyanın bu cür bəyanatlarının heç bir məntiqi izahı yoxdur", - deyə o bildirib. Əhməd Davudoğlu onu da əlavə edib ki, Türkiyənin gərginliyi daha da artırmaq fikri yoxdur: "Rusiya tərəfinin addımlarını təəssüf hissi ilə izləyirik. Biz heç vaxt emosional davranmamışıq və indi də bunu etmək fikrində deyilik. Türkiyə olaraq yalnız diplomatik yollarla hərəkət etməyi düşünürük. Əgər Rusiya bu cür davranmaqda davam edərsə, biz də öz tərəfimizdən müəyyən addımları atacağıq".