Bakıda daha iki küçə sürücülərin ixtiyarına verildi
Bakıda daha iki küçə ikisi də təmir edilərək tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
“Azəryolservis” ASC-dən APA TV-yə verilən xəbərə görə, bunlar Binəqədi rayonunda yerləşən Ağasadıq Gəraybəyli və Səttar Bəhlulzadə küçələridir.
Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən Ağasadıq Gəraybəyli küçəsinin uzunluğu 600 metr, ortalama eni isə 20 metrdir. Köhnə asfalt-beton örtüyünün əvəzinə 2 qat olmaqla ümumilikdə küçənin 12845 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.
Küçə boyu zəruri olan yerlərdə təqribən 980 paqon-metr yeni səki daşı düzülüb. Bundan başqa, təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.
Analoji işlər Səttar Bəhlulzadə küçəsində də aparılıb. Təmir-tikinti işləri küçənin Atatürk prospekti və Ağa Sadıq Gəraybəyli küçələri arasında yerləşən hissəsində aparılıb. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən ərazidə 500 paqon metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6000 kvadrat metr əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Hər iki küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb, işıqlandırma sistemləri işlək vəziyyətə gətirilib.