Bakıda beynəlxalq startap müsabiqəsi keçirilir
Dekabrın 3-də Bakıda ilk dəfə “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığı çərçivəsində “IE Venture Day Baku” müsabiqəsi öz işinə başlayıb.
APA TV-nin xəbərinə görə, Yüksək Texnologiyalar Parkı bu müsabiqəni Avropanın bir nömrəli biznes məktəbi olan “IE Business School” ilə birgə həyata keçirir. Müsabiqədə iştirak edən ən güclü 12 startap komandasından 5-i Azərbaycanı təmsil edir.
Yüksək Texnologiyalar Parkının şöbə rəisi Ülvi Aslanov bildirib ki, bu tədbirin əsas iştirakçıları investorlar, layihə təqdimatçılarıdır: "Layihələrin özlərinin burada yarışı olur ki, burada hər ölkədən bu layihələr seçilir. Ən axırda Madriddə olacaq final yarışmasına həm qatılma şansı qazanırlar, həmn də 1, 2, 3-cü yerlərə uyğun olaraq fərqli hədiyyələr mövcuddur. Hal-hazırda bu gün burada haradasa 25-ə yaxın fərqli çıxışçılarımız var ki, bunlardan 20-dən çoxu xarici spikerlərimizdir. Lokal, yerli spikerlərimizlə bərabər, həm panel şəkilində, həm də fərdi çıxışlar olacaq. Günün sonunda layihələr arasında ilk üçlük seçiləcək ki, bu seçildikdən sonra həmin layihələri biz burada təqdim edəcəyik. Onların qazandığı statusu burada göstərmiş olacağıq. Birinci yerə çıxan Madriddə iştirak edəcək".
Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev gənclərin biznes sahəsində aktivliyinin təmin olunması üçün bu cür layihə və müsabiqələrin əhəmiyyətindən danışıb. Bildirib ki, yaxın gələcəkdə Azərbaycan biznes sahəsinə öz uğurları ilə imzalar atacaq.
Qeyd edək ki, müsabiqədə təqdim olunan layihələrin əksəriyyəti texnologiya sahəsinə aid layihələrdir. Müsabiqənin qalibləri günün sonunda məlum olacaq.
Tədbirdə Braziliya Startaplar Assosiasiyasının Təhsil və Texnologiya Komitəsinin sədri Nyuton Kampos, “Youth Inc.” proqramının koordinatoru Müşfiq Həsənov, “Golden Pay” şirkətinin təsisçisi Fərid İsmayılzadə, “Venture Lab”ın icraçı direktoru Pari Dö Letra, “Pipedrive” və “Garage 48” şirkətinin təsisçisi Ragnar Sass, “Facebook” şirkətinin Şimali, Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Kliv Ryan, “Microsoft Azerbaycan”ın marketinq meneceri Səbinə Pərvizi, Amerika Ticarət Palatasının direktoru Natəvan Məmmədova çıxış edəcəklər.