Kamal Abdulla: "Dövlətin təməl prinsiplərini pozanlara heç bir güzəşt olmayacaq"
“Bu gün bizim hər bir vətəndaşımızın bir nömrəli hədəfi azərbaycançılıqdır”. APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bu gün Qafqaz Müsəlmanları İdarəsində dinlə bağlı keçirilən toplantıda çıxışı zamanı deyib.
Kamal Abdulla Nardaranda baş verən hadisələrə toxunaraq bildirib ki, dövlət bu məsələlərdə müəyyən qədər güzəştə gedib: “Ancaq dövlətin təməl prinsiplərini pozanlara heç bir güzəşt olmayacaq. Dövlət dindarları qorumaq istəyir. Dövlətin atdığı hər bir addım bizim mənafeyimizə xidmət edir”.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək: “Biz xarici ölkələrdə dini təhsil almaq istəyənlərlə bağlı məhdudiyyətlər tətbiq edəcəyik. Çünki 17 yaşındakı insan gedib oxuduğu ölkədə gördüklərini Azərbaycana gətirmək istəyəcək. Hesab edirəm ki, dini islahatlar davam etdirilməli, dövlət-din münasibətlərinin ideal formasını yaratmalıyıq”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu gün Azərbaycanda dinlə bağlı heç bir problem yoxdur: "Problem ayrı-ayrı yerlərdə təlim keçən insanlarla bağlıdır. Məhz bu məsələlərlə əlaqədar çalışırıq ki, dinlə dövlət arasında olan münasibətlər qanunla tənzimlənsin, insanlarımız ziyan çəkməsinlər. Çalışmalıyıq ki, ikinci mərhələyə gəlib çatmayaq".
Toplantıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi Dini Şurası və Qazılar Şurasının üzvləri, Azərbaycanın bölgələrindən olan din xadimləri və alimləri ölkəmizin dini ictimaiyyətinin narahatlığını, dindarların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan prezidenti İlham Əliyevə müraciət edilib: "Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən nəticə çıxararaq, məkrli niyyətlərinə son qoymalıdır. Tale Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman Birliyi” adlı qondarma qurumun dindarlara heç bir aidiyyəti yoxdur və QMİ tərəfindən dini qurum kimi tanınmır".
Bəyanatda əminlik ifadə olunub ki, sabitlik və inkişafımızı gözü götürməyən qüvvələrin bu kimi təxribatçı cəhdləri möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz.