Azərbaycan prezidenti Türkiyənin baş nazirini qəbul etdi
Dekabrın 3-də Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub.
APA TV-nin xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda baş nazir Əhməd Davudoğlunun şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlunu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin baş nazirinə raport verib.
Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirib. Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri baş nazir Əhməd Davudoğluna, Türkiyənin nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Əlaqələrimizin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulanıb. Münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.