Prezident: “Azərbaycanla Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir”
"Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Səfərə geniş nümayəndə heyəti gəlib, ikitərəfli görüşlər keçiriləcək. Bütün sahələrdə əlaqələr inkişaf edir və bu səfər də əlaqələrin inkişafında mühüm rol oynayacaq".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, iki qardaş ölkə arasındakı əlaqələr yüksək səviyyədədir: “Türkiyə G-20 sammitinə Azərbaycanı dəvət etdiyi üçün sizə minnətdaram. Türkiyə və Azərbaycan ictimaiyyəti, habelə dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Bizi birləşdirən ortaq mədəniyyətimiz, etnik köklərimiz, dilimizdir. İki dövlət bir-biri ilə sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Daim bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. İstəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. İstəyirik ki, bölgədə sülh olsun, xalqlar, insanlar həyatlarını rahat qursunlar, heç kim bir-birinin daxili işlərinə qarışmasın. Türkiyə və Azərbaycanın siyasəti bölgədə sabitləşdirici rol oynayır”.
Prezident İlham Əliyev bildirib ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü bir o qədər artacaq. Dövlət başçısı onu da deyib ki, dünyada və Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan ciddi faktor kimi mövcuddur.
TANAP layihəsi barəsində danışan prezident bildirib ki, layihə 2018-ci ildə, bəlkə də daha tez istifadəyə veriləcək. Bununla da Türkiyə və Avropa ölkələri yeni qaz mənbəyinə çıxış əldə edəcəklər. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Azərbaycanın əsas ixrac yolu da Türkiyə və onun üzərindən digər Avropa ölkələri olacaq.