Əhməd Davudoğlu: “Türkiyə qiyamətə kimi Azərbaycanın yanındadır”
“Hərbi müdafiə sənayesi sahəsində Türkiyənin Azərbaycanla ortaq fəaliyyəti davam edəcək”. APA TV-nin məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra təşkil edilən mətbuat konfransında söyləyib.
Türkiyənin baş naziri deyib ki, ölkəsi Azərbaycanın müdafiə sənayesi qurmasına xüsusi önəm verir. Qafqazda sülhün bərqərar olması Azərbaycan-Türkiyə əməkdaşlığından asılıdır. Türkiyə Azərbaycana torpaqları tam azad edilənədək dəstəyini davam etdirəcək.
Davudoğlu Suriyada baş verənlər və noyabrın 24-də Rusiya təyyarəsinin vurulmasından sonra yaranmış vəziyyət barədə də danışıb. Baş nazir deyib ki, Rusiya Türkiyənin sərhədlərini dəfələrlə pozub və bu barədə dünya ictimaiyyətinə məlumat verilib: “Türkiyə sərhədləri bizim üçün müqəddəsdir. Digər tərəfdən, Suriya problemindən Türkiyə qədər təsir görən ölkə yoxdur. Türkiyədə 2 milyon suriyalı qaçqın var, qaçqın axınına görə indiyədək 8 milyard dollar xərclənib. Türkiyənin Suriya torpaqlarında gözü yoxdur. Türkiyə Rusiya ilə hər bir məsələni müzakirə etməyə, eyni masa arxasında oturmağa hazırdır. Bu gün Türkiyə və Rusiya xarici işləri nazirləri Belqradda görüşəcəklər. Bizim üçün yeganə toxunulmaz məsələ sərhədlərimiz və suverenliyimizdir”.
Baş nazir qeyd edib ki, Türkiyə İran və Rusiyaya qarşı iqtisadi təcriddə iştirak etməyib. O, Türkiyənin heç bir şəkildə günahı olmadığı bir hadisəyə görə Rusiyanın Türkiyəyə qarşı iqtisadi embarqosuna təəccüb etdiyini vurğulayıb.
Davudoğlu emosiyaları daha da qızışdıran Rusiya prezidenti Vladimir Putinə də çağırış edib. O bildirib ki, iki qonşu ölkə olaraq masa ətrafında oturaraq problemlərin çözülməsinin tərəfdarıdırlar. Türkiyəyə qarşı əsassız ittihamları isə qəbul etməyəcəklər. Eyni zamanda Türkiyə sərhədlərinin pozulmasına imkan verməyəcəklər.
Baş nazir sonda bildirib ki, Türkiyə qiyamətə kimi Azərbaycanın yanındadır: "Bilinsin ki, qiyamətə kimi hər şey yox olsa, hər şey tar-mar olsa, tar-mar olmayacaq tək şey Türkiyə ilə can Azərbaycan arasındakı dostluqdur, qardaşlıqdır. Azərbaycan haradadırsa, Türkiyə orda olacaq. Azərbaycanın mənafeyi haradadırsa, Türkiyənin mənafeyi orda olacaq. Azərbaycan bayrağı haradadırsa, Türkiyənin bayrağı da orda olacaq".