Lavrov-Çavuşoğlu görüşü baş tutdu: "Ömür boyu belə getməyəcək"
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Toplantısı üçün Serbiyanın paytaxtı Belqradda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla bir araya gəlib.
APA TV-nin məlumatına görə, Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü 40 dəqiqə davam edib. Bu görüş təyyarə böhranı sonrası iki ölkə arasında yüksək səviyyədə keçirilən ilk görüş olub.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə görüşdən sonra açıqlama verib. Çavuşoğlu bildirib ki, görüş iki ölkənin nazirinə yaraşan şəkildə başa çatıb. "Hadisənin gərginliyi davam edir. Təəssüf etdiyimizi dilə gətirdik. Həlak olan rus pilot üçün başsağlığı verdim. Hər iki tərəf gərginliyi artırmaq istəmir. Hazırda Rusiyaya qarşı aldığımız, ya da nəzərdə tutduğumuz bir qərar yoxdur. Səbirlə əlaqələrin düzəlməsini gözləyirik, amma ömür boyu belə getməyəcək" - deyə Çavuşoğlu bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Çavuşoğlu ilə görüşdə təyyarə insidenti ilə bağlı yeni heç nə eşitməyib. "Çavuşoğlunun xahişi ilə bir araya gəldik. Yeni heç bir şey eşitmədim. Türk nazir Türkiyə prezidentinin açıqladığı addımları bir daha təsdiqlədi. Biz hüquqi bazanın yaradılması haqqında danışıqlar aparmağa hazırıq, hər şeydən əvvəl ATƏT-in nizamnaməsi səviyyəsində. Amma əsas hərbi-siyasi təhlükəsizlikdir" - deyə Lavrov vurğulayıb.